Tövsiyyə edirik

Xəbərlər

«90 il. Naxçıvan Muxtar Respublikası» miniatür kitabının təqdimatı oldu

90 il. Naxıvan Muxtar RespublikasıSentyabrın 29-da Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş “90 il. Naxçıvan Muxtar Respublikası” miniatür kitabının təqdimat mərasimi keçirildi.

AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov kitabın işıq üzü görməsi münasibətilə ziyalıları, muxtar respublika oxucularını təbrik etdi, yeni nəşrin ərsəyə gəlməsində əməyi olanlara Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təşəkkürünü çatdırdı.

Bildirildi ki, 2014-cü il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada “Muxtariyyət ili” elan olunub. Azərbaycan Respublikasının Prezidenti “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il yanvarın 14-də Sərəncam imzalayıb. Həmin Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq olunub.

Tədbirlər planında digər işlərlə yanaşı, muxtar respublikanın 90 illiyinə həsr olunmuş kitabların nəşri də nəzərdə tutulub, ötən dövr ərzində “Naxçıvan tarixi” çoxcildliyinin I cildi, “Naxçıvan Muxtar Respublikası – 90” statistik toplusu, “Qədim-yeni Naxçıvanım”, “Naxçıvan xalq musiqisi” və digər kitablar nəşr olunub. Hazırda “Naxçıvan Muxtar Respublikasının yubileyləri”, “Naxçıvan tarixi” çoxcildliyinin II cildi, “Naxçıvan Muxtar Respublikasının təşkili: tarix və müasirlik” kitabları və “Naxçıvan 1924-2014” fotoalbomu nəşrə hazırlanır.

90 il. Naxıvan Muxtar Respublikası

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri dedi ki, 2014-cü il aprelin 8-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə dövlət səviyyəsində qeyd olundu. Yubileylə bağlı “Naxçıvan Muxtar Respublikası – 90” kitabı və “Naxçıvan” jurnalının xüsusi nömrəsi hazırlanaraq işıq üzü gördü. Bu günlərdə Azərbaycan Respublikası “Kitab” Cəmiyyətinin xətti ilə çap olunan “90 il. Naxçıvan Muxtar Respublikası” adlı miniatür kitab da muxtar respublikanın yubileyinə həsr olunmuş növbəti çap məhsuludur. Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışlarının öz əksini tapdığı, eləcə də fotoşəkillərin yer aldığı miniatür kitab Naxçıvan Muxtar Respublikasının yubileyinə layiqli töhfədir.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxış edərək nəfis tərtibatla çap edilən miniatür kitabın işıq üzü görməsini əlamətdar hadisə kimi dəyərləndirdilər.

“90 il. Naxçıvan Muxtar Respublikası” kitabının nasiri və tərtibatçısı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Zərifə Salahova muxtariyyətinin 90 illik yubileyini qeyd edən Naxçıvanın yüksək sürətlə inkişaf etdiyini, sosial-iqtisadi inkişafına görə Azərbaycanda liderliyini qoruduğunu, bütün sahələrdə nümunə göstərdiyini bildirdi.

Kitabın təqdimat mərasiminin Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində keçirilməsinin onun üçün böyük mənəvi dəyər olduğunu qeyd edən Zərifə Salahova ulu öndər Heydər Əliyevin həyatının hər anında canı qədər sevdiyi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana, onun inkişafına, təhlükəsizliyinin təminatına xüsusi diqqət yetirdiyini diqqətə çatdırdı.

Tədbirin sonunda Zərifə Salahova “90 il. Naxçıvan Muxtar Respublikası” miniatür kitabını Heydər Əliyev Muzeyinə hədiyyə etdi.

Qeyd edək ki, yüksək poliqrafik üslubda, nəfis tərtibatda çap olunan kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamı, Azərbaycan Prezidentinin 2014-cü il aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqi, həmin tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun çıxışı, dövlətimizin başçısının “Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” sərəncamları yer alıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il aprelin 7-də Naxçıvana səfəri çərçivəsində iştirak etdiyi tədbirlərdən, açılış mərasimlərindən, görüşlərdən çəkilmiş fotoşəkillər də miniatür kitaba daxil edilib.

AzərTAc, Rauf Əliyev

 
Populyar
 

Yeniliklər

 

Ünvan

Bakı, AZ1004,
İçəri Şəhər,
1-ci Zamkovskiy dön., 67

Tel.: (994 12) 492 94 64
Faks: (994 12) 493 19 02
Mob.: (994 50) 327 10 11

E-mail:office@minibooks.az

Əlaqə

Contact form submitted!
We will be in touch soon.