Haqqımızda

20  aprel  2000-ci  il  tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən özəl Miniatür Kitab Muzeyi qeydiyyata alındı.

23  aprel 2002-ci il  tarixində Azərbaycanın paytaxtı Bakının tarixi hissə­sində – “İçərişəhər” Dövlət tarix-memarlıq qoruğunun ərazisində, Şirvanşahlar Sarayının (XIV əsr) yaxınlığında dünyada ilk və hələ ki, yeganə olan özəl Miniatür Kitab Muzeyinin açılışı baş tutdu.

Niyə məhz bu yerdə və bu gündə?

Ümummilli lider Heydər Əliyevin şəxsi göstərişinə əsasən şəhər icra başçısı öz sərəncamı ilə bizim tərəfimizdən seçilmiş boş ərazini bizə verdi ki, burada da muzeyin binası tikildi.

23 aprel 1616-cı ildə  dünya  ədəbiyyatının klassikləri – dahi yazıçılar  Vilyam  Şekspir və Miqel Servantes eyni gündə əbədiyyəta qovuşdular. YUNESKO-nun qərarına əsasən 23 aprel hər il bütün dünyada  Beynəlxalq  kitab  və müəllif  hüquqları  Günü kimi qeyd edilir ki, bu şəkildə də onların adları əbədiləşdirilir.

Muzey ziyarətçiləri mənə tez-tez belə bir sual verirlər: – Miniatür kitabların kolleksiyasının təşkil edilməsi ideyası necə yarandı?

1982-ci ilin noyabrında Moskvada, Ümumittifaq Könüllü Kitabsevərlər Cəmiyyətində mənə 23 rubla İ.Krılovun 1835-ci ildə buraxılmış təmsillərinin tam külliyyatının kiçik formatlı faksimil nəşrini illüstrasiyalarla əldə etməyi təklif etdilər. Bu qiymət o zamanlar üçün böyük rəqəm idi, lakin mən kitabları almaq qərarına gəldim və qiymətini ödəyərək anbara kitabları götürməyə getdim. Bax elə həmin yermə mən ilk dəfə altı adda miniatür kitab gördüm, həmin gündən də mənim kolleksiyamın təməli qoyuldu. Ötən təxminən 37 il ərzində mən dünyanın 83 ölkəsində çap edilmiş 9000-dən çox miniatür kitab toplaya bildim.

Bu gün muzeydə 145 kv.m sahədə 39 şüşələnmiş vitrində (2002-ci ildə açılış zamanı cəmi 25 vitrin vardı)  5800-dən çox minikitab, o cümlədən Ginnes rekordları kitabının standartlarına uyğun, ölçüləri 75×75 mm qədər olan təxminən 3500 ədəd miniatür kitab nümayiş etdirilir. Keçmiş SSRİ-da səhifə ölçüsü 100×100 mm olan kitablar miniatür sayılırdı və təbii ki, Miniatür kitablar muzeyində təqdim edilən mənim kolleksiyamda həmin dövrün ölçülərinə müvafiq olan mini kitablar nümayiş edilir.

Kolleksiyada ən nadir nümunələr Yaponiyanın Tokio şəhərinin “Toppan” nəşriyyatının dərci olan 4 mikrokitab: onlardan birinin ölçüləri 0,75×0,75 mm və 3-nün ölçüləri isə 2×2 mm təşkil edir, eləcə də Alman nəşriyyatlarının olan mikrokitablardan: 1-nin ölçü­ləri 2,0×2,9 mm (Leypsiq) və 3-nün ölçüləri 3,5×3,5 mm (Münhen) olan kitablar hesab edilir.

Muzeydə kitab ekspozisiyalarının yerləşdirilməsi prinsipi aşağıdakı kimidir: zalın mərkəzində, girişlə üzbəüz 3 vitrin quraşdırılmışdır – mərkəzi 1-ci vitrində Azərbaycanda nəşr edilmiş kitablar, sağda, 2-ci vitrində – mikrokitablar və nadir nəşrlər, solda, 3-cüdə – dini  mini  kitablar  nümayiş  etdirilir.  Zalın mərkəzindən solda 4-22 saylı vitrinlərdə 1991-ci ildən sonra keçmiş SSRİ respublikalarında və Rusiya Federasiyasında nəşr edilmiş nadir mini kitablar, eləcə də muzeyin yaradıcısına ünvanlanmış dahi şəxsiyyətlərin imzaları ilə olan miniatürlər sərgilənir.


"ZƏRİFƏ SALAHOVANIN AZƏRBAYCANDA MİNİATÜR KİTABLARININ NƏŞRİ ƏN YÜKSƏK TƏQDİRƏ LAYİQDİR." HEYDƏR ƏLİYEV